Bakıda “BakuBus”un bütün avtobuslarında NFC ödənişləri aktivləşdirildi!
Bakı şəhərində ictimai nəqliyyatda rəqəmsal ödəniş imkanlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır.
25 dekabr 2025-ci il tarixindən etibarən Bakı şəhəri üzrə “BakuBus” MMC-yə məxsus bütün avtobus marşrutlarında NFC ödənişləri tam şəkildə aktivləşdirilib. Bununla da sərnişinlər yerli bank kartları və NFC dəstəyi olan mobil cihazlar vasitəsilə daha sürətli və rahat ödəniş imkanı əldə ediblər. Növbəti mərhələdə NFC ödəniş texnologiyasının digər daşıyıcı operatorların marşrutları üzrə də mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulub.
Yeni sistem çərçivəsində tətbiq edilən əsas yeniliklərdən biri ardıcıl ödəniş imkanlarının genişləndirilməsidir. Hazırda sərnişinlər üçün ardıcıl ödəniş əməliyyatlarının sayı 1-dən 2-yə artırılıb. Bu imkan BakıKart tərəfindən NFC layihəsinin ilkin mərhələsində təqdim edilib. Layihənin İlkin mərhələnin nəticələrinə əsasən, gələcəkdə ardıcıl ödəniş əməliyyatlarının sayının artırılması mümkündür.
Qeyd olunan mexanizm sərnişin rahatlığını artırmaqla yanaşı, ictimai nəqliyyat xidmətinin fasiləsizliyini təmin edir, xidmət keyfiyyətinin yüksəldilməsinə və nəqliyyat ödənişlərinin modernləşdirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir.